Ağalın qaz – Anser albifrons

Ağalın qaz – Anser albifrons

Statusu. Qışlayan və ötüb keçən quşdur.

Ümumi xarakteristikası və görkəmi. Erkəklərin kütləsi 2,4-3,2 , dişilərinki isə 2-3 kq-dır. Cüt-cüt və sürü halında yaşayır. Bədənin rəngi boz qazınkına oxşayır, lakin üst tərəfi daha tutqundur. Alnında (dimdiyindən başlayaraq) 15-25 mm enində ağ ləkə uzanır. Arxası və bel nahiyəsi tünd boz, döşü və qarnı açıq bozdur. Üzərində qeyri-müntəzən formalı iri və xırda qara ləkələr vardır. Dimdiyinin ucu sarı, əsası çəhrayıdır. Ayaqları sarımtıl narıncıdır. Cavan quşların qarnının üzərində qara ləkələr aydın görünmür. Alnında ağ ləkə yoxdur. Dimdikləri qırmızımtıla çalan tünd-bozdur. Səsi gur “klenq-klenq” və ya “klinq-klinq”dir.

Yayılması. Şimali Amerikanın sahil zolağında, qrellandiya və İslandiya adalarında, Avropa və Asiyada isə Şimal buzlu okeanın bütün sahili boyu yuvalayır. Avropa və Asiyanın cənubunda, Meksikada, Vest Hind adalarında qışlayır. Xəzər dənizi Azərbaycan hissəsinin (Abşeron-Qobustan istisna olmaqla)sahil zolağı boyu rast gəlinir.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 610, 2005-ci ildə 4000, 2006-cı ildə 11000 fərdi qeydə alınmışdır. Şirvan Milli Parkında 1000-ə qədər, Ağzıbir gölündə isə 150-yə qədər fərdi qışlayır.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı açıq su sahələri, qamışlıqlar və bu yerlərə həmsərhəd yarımsəhralardır.

Ağalın qaz – Anser albifrons_

Ağalın qaz – Anser albifrons_

Miqrasiyası. Payız miqrasiyası oktyabr-noyabr aylarında, yaz miqrasiyası isə martın əvvəlindən ortasına qədər olur.

Çoxalması. Yuvanı iri torpaq topalarının üzərində, təpəlimlərdə və quru otların arasında qururlar. Yuvaya 3-7 ədəd ağ rəngli yumurta qoyur. Kürtyatmada dişi iştirak edir. Erkək isə yuvanın yaxınlığında olub, onu qoruyur.

Qidası. Əsasən ot və taxıl bitkilərinin vegetativ hissələridir.