Bu slaydşou üçün JavaScript lazımdır.

Statusu. Yuvalayan, ötüb keçən və qışlayan quşdur.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi qidanın az-çoxluğundan asılı olaraq 445-1250 q arasında dəyişir. Rəngi tutqun qaradır, sükan lələkləri qara, çalma lələkləri bozumtul qonurdur. Dimdiyi və alnındakı çılpaq hissə (qaşqası) ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Ayaqları boz zeytun rəngdədir. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suya dalır. Dalma dərinliyi 4m-ə qədərdir. Suyun altında adətən 10 saniyə,bəzən 2,5 dəqiqə qala bilir. Səsi gur “tuk-tuk”dur.

Yayılması. Yuvalama və qışlama arealı Afrikanın şimalını, Avropa, Asiya və Avstraliyanın müxtəlif regionlarını əhatə edir. Xəzərin Azərbaycan hissəsinin sahil zolağında isə əsas yuvalama yerləri Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı, Yenikənd subasarı və Ağzıbir gölüdür.

Sayı. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 1942-ci ildə 1,5 mln 1974-cü ildə 27300, 2004-cü ildə 76000, 2005-ci ildə 93000, 2006-cı ildə 190000 fərdi qeydə alınmışdır. 2005-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunda yuavalayan populyasiyalarının sayı 4000 cüt olub. Qışda Xəzərin Azərbaycan hissəsinin digər sahələrində də adi qaşqaldaq böyük miqdarda olur.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı açıq su sahələri və qamışlıqlardır.

Miqrasiyası. Payız miqrasiyası oktyabr-noyabr aylarında, yaz miqrasiyası isə fevral ayında başlayır, martın axırı aprelin əvvəllərində intensivləşir.

Çoxalması. Yuvasını qarğı və qamışlıqlarda qurur. Aprelin ilk günlərində yumurta qoymağa başlayır. Yuvaya 10-12 açıq – sarı rəngli yumurta qoyur. Kürtyatmada həm dişi, həm də erkək iştirak edir. Mayın axırında balaları görünməyə başlayır.

Qidası. Su bitkiləri və həşəratlardır.

Advertisements