Harayçı qulələk – Cygnus cygnus

Harayçı qulələk – Cygnus cygnus

Statusu. Qışlayan və ötüb keçən quşdur.

Ümumi xarakteristikası və görkəmi. Kütləsi 7-10 kq, bəzi hallarda 12,7 kq olur. Cüt-cüt və sürü halında yaşayırlar Lələk örtüyünün hər yeri ağdır. Ayaqları qaradır. Dimdiyi qara, dib hissəsi sarıdır. Cavanları bozumtul-ağ rəngdə olub, ayaqları qırmızımtıl qaradır. Səsi gur “qanq”dır. Suda üzən zaman boynunu şaquli saxlayır, başını önə yönəldir və dimdiyi üfüqi vəziyyətdə olur.

Yayılması. Atlantik və Sakit okeandan başlayıb Xəzər, Azov dənizi və Zaysan gölü sahillərinə, Baykalətrafı ölkələrə, Monqolustana və Cənubi Primoryeyə qədər uzanan ərazilərdə yuvalayır. Əsasən Avropanın cənubunda,yuvalama arealının şərq sərhəddində sahilboyu ərazilərdə, Xəzər, Azov, Qara və Aral dənizlərində, Hindistan və Çində qışlayır.Xəzər dənizin Azərbaycan hissəsinin sahili boyu rast gəlinir.

Sayı. Qışı normal keçən illərdə bu sahələrdə sayı bir neçə yüz fərdə çatır. Rusiyada qışın sərt keçməsi ilə əlaqədar sayı nisbətən çox olur. Qızılağac Dövlət Təbiət Qoruğunda 2004-cü ildə 15, 2005-ci ildə 35, 2006-cı ildə 6000 fərd olub.

Yaşayış yerləri. Dənizin sahil zolağındakı dayaz açıq su sahələridir.

Miqrasiyası. Payız miqrasiyası noyabrda, yaz miqrasiyası isə fevralın ikinci yarısından başlayır.

Çoxalması. 4 yaşında cinsi yetişkənliyə çatır. Yuvanı su hövzələrində olan sıx qamış və qarğı cəngəlliklərində qurur. Yuvaya 4-6 ədəd yumurta qoyur. Ancaq dişi 35-40 gün kürt yatır. Erkək isə yuvanı qoruyur.

Qidası. Müxtılif su həşəratları və sualtı bitkilərdir.

Advertisements